
Giriş
Hər mövsüm yeni bir trend ortaya çıxır. Bir il enli şalvarlar dəbdə olur, növbəti il dar kəsimlər geri qayıdır. Bir mövsüm parlaq rənglər ön plana çıxır, digər mövsüm isə neytral tonlar. Bəs bütün bunların arasında həqiqətən vacib olan nədir: dəbli görünmək, yoxsa öz tərzini yaratmaq?
Çox insan dəbli görünməyi yaxşı geyinməklə eyniləşdirir. Halbuki zövqlü görünmək hər zaman trenddə olan geyimləri almaq demək deyil. Əsl üslub, insanın özünü geyimi ilə ifadə edə bilməsidir.
Dəb nədir?

Dəb cəmiyyətin müəyyən bir dövrdə qəbul etdiyi geyim və həyat tərzi anlayışıdır. O, daim dəyişir və zamanın, mədəniyyətin, texnologiyanın, hətta sosial medianın təsiri ilə yenilənir.
Bunu daha yaxşı anlamaq üçün sadə bir nümunəyə baxaq. Təsəvvür edin ki, Azərbaycanın milli geyimində səhər metroya və ya avtobusa minmisiniz. Çox güman ki, insanların diqqəti sizdə olacaq və əksəriyyət hansısa tədbirə getdiyinizi düşünəcək.
İndi isə əksini təsəvvür edin. Təxminən iki əsr əvvəl qısa top və cins şalvar geyinərək bazara alış-verişə getmisiniz. O dövr üçün bu geyim tamamilə qeyri-adi görünərdi.
Bu nümunələr göstərir ki, “normal” hesab etdiyimiz geyim tərzi əslində yaşadığımız dövrün və cəmiyyətin qəbul etdiyi qaydalardan asılıdır. Yəni dəb müəyyən mənada insanların “ətraf nə deyər?” düşüncəsi ilə də formalaşır.
Üslub nədir?

Üslub isə dəbdən fərqli olaraq zamandan asılı deyil. O, insanın xarakterini, zövqünü, həyat tərzini və özünü ifadə etmə üsulunu əks etdirir.
Məhz buna görə də eyni geyim iki fərqli insanda tamamilə fərqli təsir bağışlaya bilər. Çünki əsas məsələ geyimin özü deyil, onu necə daşımaqdır.
Məşhur modelyer Coco Chanel bunu bir cümlə ilə çox gözəl ifadə edib:

“Dəb keçicidir, üslub isə qalıcıdır.”
Bu fikir illər keçsə də aktuallığını qoruyur. Çünki trend dəyişə bilər, amma yaxşı formalaşdırılmış üslub uzun illər öz dəyərini itirmir.
Trendləri izləmək lazımdırmı?

Trendləri izləməyin heç bir pis tərəfi yoxdur. Onlar ilham mənbəyi ola bilər və qarderobuna yenilik qata bilər. Ancaq hər trend hər kəs üçün uyğun deyil.
Geyim seçərkən ilk növbədə öz bədən quruluşunu, həyat tərzini, gündəlik ehtiyaclarını və şəxsi zövqünü nəzərə almaq lazımdır. Sosial mediada və ya podiumlarda məşhur olan hər geyim sənin qarderobunun bir hissəsi olmaq məcburiyyətində deyil.
Əgər seçdiyin geyim səni rahat hiss etdirmirsə və şəxsiyyətini əks etdirmirsə, onun trend olmasının heç bir əhəmiyyəti yoxdur.
Öz tərzini necə yaratmaq olar?

Şəxsi üslub yaratmaq bahalı və ya çoxsaylı geyimlər almaq demək deyil. Əksinə, məqsəd sənə həqiqətən yaraşan, rahat hiss etdiyin və bir-biri ilə asan kombin olunan parçaları seçməkdir.
Öz tərzini formalaşdırmaq üçün bu sualları özünə ver:
- Hansı rənglər mənə daha çox yaraşır?
- Hansı geyimlərdə özümü rahat hiss edirəm?
- Gündəlik həyat tərzim necədir?
- Bu geyimi bir neçə fərqli kombinlə istifadə edə bilərəmmi?
Bu suallar alış-veriş zamanı daha şüurlu seçim etməyinə kömək edəcək.
Nəticə
Dəb dəyişir. Bu gün populyar olan bir trend sabah unudula bilər. Amma insanın öz üslubu onunla uzun illər qalır.
Ona görə də qarderobunu yalnız trendlərə əsasən deyil, öz xarakterinə və həyat tərzinə uyğun formalaşdır. Çünki ən yaxşı görünüş, başqasını təkrarlamaq deyil, özünü ifadə edə bilməkdir.
Növbəti yazıda…
Minimalist qarderob necə qurulur? Daha az geyimlə daha çox kombin yaratmaq və zamansız üslub yaratmağın sirlərini növbəti blog yazımızda paylaşacağıq.

